Çap
nəşrinin redactorundan.

Bakı, “Yazıçı”, 1985

Elektron
nəşrinin redaktorundan.

Bakı, “Musiqi
Dünyası”, 2002


AZƏRBAYCAN XALQ MUSİQİSİNİN ƏSASLARI
BİRİNCİ  HİSSƏ

Əsas cəhətlər
İKİNCİ HİSSƏ

Xalq üslubunda Azərbaycan ladlarında musiqi bəstələmək qaydaları
 
 


ÇAP NƏRŞININ REDAKTORUNDAN



«Azərbaycan xalq musiqisinin əsasları» — sovet dövründə Azərbaycan musiqisinin öyrənilməsinə həsr edilmiş ilk sanballı nəzəri əsərdir. Burada şifahi sürətdə inkişaf edən professional klassik musiqinin və xalq musiqi janrlarının lad-intonasiya sisteminə və lad-kompozisiya məntiqinə aid məsələlər elmi şərhini tapmışdır.

Əsərin müəllifi Üzeyir Hacıbəyov (1885–1948) Azərbaycan mə'nəvi mədəniyyəti xəzinəsinə qiymətli hədiyyələr vermiş böyük sovet bəstəkarı, Azərbaycan opera sənətinin banisi, məşhur publisist, dramaturq, istedadlı pedaqoq və alimdir. Onun möhtərəm oxuçulara təqdim olunan bu kitabı yeni milli musiqişünaslıq elminin möhkəm bünövrəsini qoymuş bir əsər kimi müəllifin çoxillik gərgin tədqiqatının və elmi-nəzəri axtarışlarının məhsuludur.

İstər rus və Avropa, istərsə Şərq, o cümlədən Azərbaycan musiqişünas alimlərinin əsərlərinə bələd olması, Səfiəddin Ürmavi, Əbülqadir Marağayi və Mir Möhsün Nəvvabın irsilə dərin tanışlığı, milli klassik melosu əla bilməsi, tələbələri ilə nəzəri konsepsiyasını tətbiqi yolu ilə apardığı  şəxsi pedaqoji təcrübə, irəli sürdüyü sistemin düzgünlüyünü yoxlamaq üçün Azərbaycan musiqi irsinin biliciləri mühitində etdiyi çoxlu məruzə — mübahisələr Ü.Hacıbəyova öz tədqiqatında gəldiyi nəticələri «Azərbaycan xalq musiqisinin əsasları»nda ümumiləşdirməyə və elmi cəhətdən əsaslandırmağa imkan vermişdir.

Əsərin elmi-nazəri məziyyətləri ilə bərabər Azərbaycan lad sisteminin əsas müddəalarını öyrənməkdə praktik cəhətdən, daha doğrusu,yaradıcılıq cəhətdən də böyük əhəmiyəti vardır; bu müddəalar sxematik mahiyyətdə olmayıb, xalqın mövcud canlı musiqisindən doğmuşdur. Özü də lad sistemı haqqında bu mükəmməl nəzəri konsepsiyanı alim çox aydın və anlaşıqlı bir surətdə şərh edir.

Kitabın əhəmiyyətini hamıdan əvvəl və hamıdan yaxşı müəllif özü, əsərinə yazdığı  müqəddimədə aydınlaşdırır. O çox doğru olaraq yazır ki: «Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi, Azərbaycan musiqi sənətinin daha artıq yüksəlişi üçün çox əhəmiyyətli olmaqla bərabər, sovet musiqişünaslığı sahəsindəki elmi-tədqiqat və musiqi nəzəriyyəsi işlərinin də mühüm bir cəhətidir.» Bir az aşağıda isə deyir: «Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir (...). Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən «Koroğlu» operasını yazdım».

Tamamilə təbiidir ki, Ü. Hacıbəyovun əsərinin böyük əhəmiyyətini bir sıra məşhur sovet bəstəkarları və musiqşünasları da təsdiq etmişlər. «Şahsənəm» operasının müəllifi, SSRİ xalq artisti R. M. Qlier öz sənət dostuna məktubunda onun əsərini yüksək qiymətləndirərək yazmışdır: «Mən inanıram ki, Sizin əsərinizin Azərbaycan, habelə bütün sovet və dünya musiqi sənətinin inkişafında müstəsna əhəmiyyəti olacaqdır».

Şərq musiqisinin görkəmli tədqiqatçısı professor V. M. Belyayev müəllifə məktubunda gəstərir ki, bu əsər «şubhəsiz, Azərbaycan xalq musiqi yaradıcılığı ilə tanış olmaqda mühüm rol oynayacaqdır (...). Sizin verdiyiniz şərh sistemi təlimat-pedaqoji baxımdan səmərəli və Sizin kitabınızın məzmununu asan və rahat mənimsəməyə imkan verir (...). Bu predmetin aydın şərhi Şərq musiqisinə aid əsərləri başa düşmək üçün də çox şey deyir».

Monoqrafiya onun müəllifinin bir alim-pedaqoq kimi respublikanın gənc bəstakar və musiqişünaslarının tərbiyələnməsi və yaradıcılıq inkişafına sərf etdiyi əməyin məna və əhəmiyyətini düzgün müəyyənləşdirməyə də kömək edir. Y.Hacıbəyov xalqa və incəsənətə təmənnasız xidmət barədə həyat və yaradıcılıq qayəsini gənclərə təlqin edərək, onları xalqla doğma, anlaşıqlı musiqi dilində danışmağa çağırırdı. O deyirdi ki, xalqdan öyrənmək və ondan əxz olunan sərvəti daha kamil şəkildə ona qaytarmaq, həm də sadəcə olduğu kimi yox, təkmilləşdirərək qaytarmaq lazımdır. O da təsadüfi deyil ki, Y. Hacıbəyov hələ 1924-cü ildə məxsusi Azərbaycan musiqisinin əsəsları kursunu işləyib hazırlamış və onu konservatoriya tələbələri üçün, az sonra isə musiqi məktəbləri üçün də vacib fənn kimi tətbiq etmişdir. Bu baxımdan pedaqoq Ü. Hacıbəyovun tələbəsi SSRİ xalq artisti bəstəkar Qara Qarayevin öz müəllimi haqqında sözləri çox diqqətəlayiqdir: «...bizim çoxumuz ilk dəfə məhz tərbiyə etdiyi təlbələrin hərəsinə xüsusi həssaslıqla yanaşan bu istedadlı pedaqoqun sinfində dərk etdik ki, sadə lirik mahnıların məlahəti, muğam strukturunun qəşəngliyi arxasında yalnız estetik yox, həm də məntiqi mahiyyətli həssas bir sistem və gözəllik vardır. Elə o zaman Hacıbəyovun öz timsalında, müəllimin dərin və müdrik mulahizələrinin təsiri altında milli bəstəkarlıq üslubunun qaynağı olan folklorun hədsiz, tükənməz imkanları xüsusi aydınlıqla meydana çıxdı. Bizim çoxumuzun gözləri önündə yeni aləm, cəsarətli axtarışlar, daha novatorcasına kəşflər aləmi açıldı.».

Ü. Hacıbəyov «Azarbaycan xalq musiqisinin əsasları»nı, geniş oxucu kütləsinin oxuması üçün rus dilində yazmış və kitab ilk dəfə 1945-ci ildə, ikinci dəfə 1957-ci ildə nəşr olunmuşdur. (Hər iki nəşrin redaktoru professor K. Səfərəliyevadır.) Xəstəliyi üzündən müəllif əsərinin Azərbaycan dilində nəşrini hazırlaya bilməmişdi. Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət institutunun tapşırığı ilə 1950-ci ildə institutun əməkdaşı, indi Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru M.İsmayılov əsəri tərcümə etmiş və bəstəkar S.Hacıbəyovla birlikdə onun redaktoru olmuşdur. Kitab Azərbaycan dilində daha iki dəfə nəşr edilmişdir. (1962-ci ildə, redaktoru: M. İsmayılov; 1965-ci ildə, redaktoru: akademik Mirzə İbrahimov, izahların müəllifi: Q. Qasımov).

Beləliklə, kitabın beş nəşrinin hamısını Azərbaycan SSR EA Memarlıq və İncəsənət institutu çapa hazırlamışdır. İndi Ü. Hacıbəyovun anadan olmasının YUNESKO xətti ilə «1985-ci ildə böyük adamların və əlamətdar hadisələrin ildönümü» təqvimi çərçivəsində keçirilən 100 illiyi münasibətilə institut kitabın Azərbaycan, rus və ingilis dillərində yubiley nəşrini oxuçulara təqdim etmişdir.

Bu kitabda müəllifin sağlığında buraxılmış mətn eynilə saxlanılmışdır. Yalnız bir neçə sözu dəyişdirmək lazım gəlmişdir. Onlardan biri budur ki, əsərin Azərbaycanca birinci nəşrində işlənən «lad» termini ikinci nəşrdə əbəs yerə «məqam»la əvəz olunduğuna görə bu dəfə «lad»ı yenidən bərpa etmək lazım gəlmişdir. Çünki daha geniş mənası olan «lad» termini təkcə muğama deyil, ümumiyyətlə Azərbaycan xalq musiqisinin bütün janrlarına aiddir.

Ü. Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» əsəri Azərbaycan ladarının qurulma qanunlarının və bu qanunlar əsasında əmələ gələn mənalı melodiyaları elmi-nəzəri cəhətdən təhlil etmək Azərbaycan xalq musiqisinin əsas cəhətlərini yaxından öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

Əminə Eldarova


 

 
© Copiright by Musigi Dunyasi