ELMİ REDAKTORDAN
Azərbaycanda musiqi quruculuğunun banisi, dahi bəstəkar,
görkəmli musiqi xadimi, publisist, dramaturq, maarifçi, müəllim, alim
Üzeyir Hacıbəylinin qələminə məxsus «Azərbaycan xalq musiqisinin əsasları»
kitabı klassik ensiklopedik traktatlara əsaslanan nadir elmi tədqiqat
əsəri olub, XX əsrin musiqili-ədəbi abidəsi kimi qiymətlidir.
Müəllif ilk dəfə olaraq, öz elmi tədqiqatında Şərq və
Qərbin çoxəsrlik musiqi nəzəri fikir təcrübəsinə istinad edərək, Azərbaycan
xalq musiqisinin lad sisteminin təsnifatını vermişdir.
Ü.Hacıbəylinin misilsiz xidməti ondan ibarətdir ki, Azərbaycan
musiqisinin yazılışı zamanı o, qərbi-avropanın bərabər temperasiyalı
notasiyasından istifadə edərək, mahiyyət etibarilə:
a) ənənəvi folklor nümunələrinin – muğamların, xalq mahnılarının,
rəqslərin və s. qorunub saxlanmasına;
b) yeni professional musiqi janrlarının – opera, balet,
simfonik muğamlar, kamera əsərlərinin yaranmasına;
v) Azərbaycan musiqi elminin – etnomusiqişünaslığın formalaşmasına;
q) Azərbaycan musiqisinin təbliği və dünya birliyinin
mədəniyyət təbəqələrinə daxil olmasına şərait yaratmışdır;
d) Azərbaycan musiqisinə keçmişin mənəvi dəyərlərinin
təsiri sayə- sində onun bədii ifadə vasitələrinin zənginləşməsini və
nəticədə bütün sərhədləri aşıb keçən bu incəsənətin maksimum orijinallığını
sübut etmişdir.
Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları»
əsəri 1945-1985-ci illər ərzində bir neçə dəfə işıq üzü görsə də, hal-hazırda
təqdim olunan kitabın yeni nəşri əvvəlkilərdən bir sıra cəhətlərilə
fərqlənir. Belə ki, ilk dəfə olaraq, kitab latın qrafikasında çap edilir,
not materialları da kompüterdə yenidən yığılmışdır. Nəşrin daha bir
yeniliyi metodik tövsiyələrin əlavə olunmasından ibarətdir. Burada verilən
şifahi ənənəli musiqi irsindən və bəstəkar yaradıcılığından nümunələr,
testlər və biblioqrafik məlumat «Azərbaycan xalq musiqisinin əsasları»
fənninin tədrisi üçün zəruri vəsaitdir və Azərbaycan ladlarının daha
dərindən mənimsənilməsinə xidmət edir.
Professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə hazırlanan
bu layihənin ən əsas yeniliyi ondan ibarətdir ki, burada ilk dəfə olaraq,
Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» kitabı elektron
formatda təqdim olunur ki, bu da müasir tələblərə cavab verən bir cəhət
kimi diqqətəlayiqdir. Bu baxımdan Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin
əsasları» dərsliyini informasiya sisteminin müəyyən təbəqəsinə – elektron
nəşrlərə aid etmək olar. Elektron kitab müstəqil tamamlanmış nəşr kimi,
çap orijinalına uyğun olaraq, bütün məlumatları özündə saxlayır (səhifələr
üzrə bölmələr, fəsillər, not nümunələrinin nömrələnməsi və s.) və elektron
məhsulu kimi geniş spektrdə istifadə imkanları yaradır.
Elektron formasında məlumatların yayılması onun çap orijinalı
ilə müqayisədə daha çox üstünlüyə malik olduğunu göstərir: birincisi,
məlumatların daha yığcam saxlanmasına imkan verir, ikincisi, mütəşəkkil
qaydada ünvanına çatdırır və başlıcası, hər dəfə genişləndirmək, əlavələr
etmək, bəzən isə imkan daxilində rəqəmsal texnologiyalardan istifadə
etməklə şəbəkə resurslarından məna çalarları blokunu çıxararaq manipulyasiya
etmək imkanları verir.
Məhz Ü.Hacıbəylinin kitabının elektron nəşrinin müasir
multmedia texnologiyaları şəbəkəsi vasitələrində tətbiq edilməsi sayəsində
Azərbaycanda musiqi tədrisinin distant formasının, elektron dərsliklərinin
hazırlanması (dərs vəsaiti, metodiki materiallar, fakultativ kurslar),
virtual universitet dinləyicilərinin müstəqil işinin təşkilinin aktuallığı
barədə məsələni irəli çəkmək yerinə düşərdi.
Elektron nəşr kimi Ü.Hacıbəylinin kitabı ənənəvi tədris
dövrünün çərçivələrini genişləndirməyə imkan verir. Biliklərin ötürülməsi
və qavranılması prosesində multimedia texnologiyalarından istifadə olunması
(musiqi nümunələrinin səsləndirilməsi, hiper istinad, qrafik fayllar),
nəinki çatdırma kanallarının müxtəlifliyini, hətta tələbənin hisslərinə
təsir kanallarının müxtəlifliyini nəzərdə tutur.
Bu elektron nəşr təkcə məlumat ötürülməsi vasitəsi deyil,
eyni zamanda ən müxtəlif praktikumlar, attestasiyalar, o cümlədən özünü
attestasiya vasitəsidir. O, heç bir halda çap variantını əvəz etmir,
lakin kitabın çatdıra bilmədiklərini həyata keçirə bilir. Nəhayət, o,
yeni elektron kütləvi kommunikasiya vasitələrinin köməyilə müasir texnologiyaların
tətbiqi və təhsilin «kompüter didaktika»sının formalaşması üçün şərait
yaradır.
Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları»
elektron nəşrinə daxil edilən «didaktik material» bölməsi müntəzəm olaraq
yeniləşdirilən və «Musiqi Dünyası»nın «Musiqiçinin elektron kitabxanası»,
«Muğam ensiklopediyası» və digər məlumat bazalarından edilən əlavələr
açıq informasiya sistemi kimi müəllif orijinalının arxitekturasını pozmur.
Əksinə, informasiya texnologiyaları yeniliklərinin tətbiq olunması keyfiyyətcə
yeni informasiya məhsullarının yaradılmasını stimullaşdırır, informasiyanın
vizuallaşdırılması üfüqlərini, milli musiqi elminin, təhsilin və mədəniyyətin
infrastrukturunu genişləndirir.
Kitabın elektron nəşrinin MP3 formatda təklif olunan musiqili
illüstrasiyaları istifadəçiləri Azərbaycan musiqisinin rəngarəng dünyası,
onun janr zənginliyi – xalq mahnıları, rəqslər, muğamlar, Azərbaycan
bəstəkarlarının əsərləri ilə tanış edir. Bununla birlikdə bu janrlardan
hər biri Azərbaycan xalq musiqisinin ladlarının əsas xüsusiyyətlərinə
uyğun gəlir.
Ü.Hacıbəylinin kitabının elektron nəşri müəlliflik hüquqlarının
və ənənəvi biliklərin Ümumdünya şəbəkəsində müdafiə problemlərini aktuallaşdırır.
Belə ki, Ü.Hacıbəylinin kitabının elektron nəşrinin kiberməkanda geniş
yayılması, çap nəşri faktının özünü təsdiq edərək gələcəkdə plagiatçılığın
qarşısının alınmasına kömək edir.
Müasir dövrdə açıq cəmiyyətin («sərhədsiz cəmiyyətin»)
yaradılması bəşəriyyət üçün çox aktualdır. Onun formalaşmasının əsas
şərti kimi təhsil sisteminin şəffaflıq və sərbəstlik prinsipləri əsasında
təkmilləşdirilməsi, tədris prosesinin bütün iştirakçılarına bərabər
imkanların yaradılması, informasiya və bilik resurslarından istifadə
imkanlarının əldə edilməsi nəzərdə tutulur. Bu məsələ bütövlükdə Azərbaycan
üçün, xüsusilə respublikanın aparıcı təhsil mərkəzlərindən uzaqda yerləşən
regionları üçün böyük aktuallıq kəsb edir.
Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları»
dərsliyi və elektron kitabı «public domain» (ümumistifadə) sırasına
aid edilərək, elmi, tədris vəsaiti və maarifçi nəşr kimi oxucuların
müstəqil olaraq Azərbaycanın ənənəvi musiqi irsi ilə tanış olmasına
şərait yaradacaq, Şərq və Qərb musiqi elminin ideya və biliklərinin
müasir qloballaşma dövründə dünya birliyində inteqrasiyasını gücləndirəcək.
Tariyel Məmmədov