İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI
I. XALİS KVARTALAR QURULUŞU
Səsqatarları ardıcıl xalis kvartalar əmələ gətirən ladlar bunlardır:
1) Rast. 2) Şur. 3) Segah.
Xalis kvartaların ardıcıl sırasından ibarət olan səsqatarlarında kvartaların
əsas yerləri 1 — 1 — 1/2 tetraxordunun birinci pərdələridir.
Bunlar əsas ton adlanır və «Rast» ladında mayə vəzifəsini görür.
1. «Rast» ladında musiqi bəstələnməsi
A. «Rast» ladı səsqatarının diapazonu
1 — 1 — 1/2 formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi
«Rast» ladının səsqatarını əmələ gətirir.
Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir.
Birinci oktavadakı do mayəli «Rast» ladının səsqatarı belə olur:
B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları
«Rast» ladı səsqatarının bütün pərdələri mayəyə tabe
vəziyyətdə olur. Bu pərdələrin vəzifəsi mayəyə «xidmət etmək» və onun
melodiyadakı üstün vəziyyətini daha da qüvvətləndirməkdir. Buna görə
də tersiya, kvarta və kvinta tonlarına hər pərdədən sıçrayış etmək olmaz.
Məsələn: alt mediantadan üst aparıcı tona (lya-re) kvarta sıçrayışı
mayənin ətrafında dolanır, ona xidmət edir; alt aparıcı tondan mayənin
tersiyasına kvarta sıçrayışı (si-mi) isə elə bir kənar avaz
yaradır ki, bu avaz mayənin tersiyası olan mi səsini müstəqil mayəyə
çevirməyə meyl etdiyinə görə, həmin sıçrayışa yol verilmir.
Yuxarıda
göstərilən «Rast» ladı səsqatarında birinci pərdə mayənin alt kvartası
vəzifəsini görür. Bu pərdədən ardıcıl səslər hərəkəti ancaq yuxarıya
doğru mümkündür. Alt kvarta səsi mayəyə və onun üst aparıcı tonuna sıçrayış
etmək üçün bir başlanğıcdır.
Səsqatarının
ikinci pərdəsi mayənin mediantası vəzifəsini görür. O, mayənin aparıcı
tonlarını hazırlayır: böyük sekundaya hərəkət etməklə alt aparıcı tonu
və kvartaya sıçrayış etməklə üst aparıcı tonu. Bu pərdədən bilavasitə
mayəyə və onun üst aparıcı tonuna sıçrayış etmək mümkündür.
Səsqatarının
üçüncü pərdəsi mayənin alt aparıcı tonu vəzifəsini görür: o, mayəyə
keçmədən əvvəl sekunda aşağıya hərəkət edə bilər. Alt aparıcı tondan
ancaq üst aparıcı tona sıçrayış edilə bilər.
Səsqatarının
əsas ton olan dördüncü pərdəsi mayə vəzifəsini görür.
Mayədən yuxarıya doğru: tersiyaya, üst kvartaya, kvintaya və kvintanın
üst aparıcı tonuna, aşağıya doğru isə mediantaya va alt kvartaya sıçrayış
edilə bilər.
Səsqatarının
beşinci pərdəsi üst aparıcı ton vəzifəsini görür. Bu pərdədən yuxarıya
doğru mayənin kvartası və kvintasına, aşağıya doğru isə mayənin alt
aparıcı tonuna, mediantasına və alt kvartasına sıçrayış edilə bilər.
Səsqatarının
altıncı pərdəsi mayənin tersiyası vəzifəsini görür. Bu pərdədən yuxarıya
doğru mayənin kvintasına, aşağıya doğru isə mayəyə sıçrayış edilə bilər.
Səsqatarının
yeddinci pərdəsi mayənin üst kvartası vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru mayə kvintasının üst aparıcı tonuna, aşağıya doğru isə
mayəyə və onun üst aparıcı tonuna sıçrayış edilə bilər.
Səsqatarının
səkkizinci pərdəsi mayənin kvintası vəzifəsini görür. Bu pərdədən ancaq
aşağıya doğru tersiyaya, mayənin üst aparıcı tonuna və mayənin özünə
sıçrayış edilə bilər.
Səsqatarının
doqquzuncu pərdəsi mayə kvintasının üst aparıcı tonu vəzifəsini görür.
Bu pərdədən ancaq aşağıya doğru mayənin üst kvartasına sıçrayış edilə
bilər.
Səsqatarının
onuncu pərdəsi ladın sərhəd tonu olur. Bu pərdədən sıçrayış edilə bilməz;
qonşu pərdələrlə isə ancaq aşağıya doğru hərəkət etmək mümkündür.
[ Rast: səhifələr 1 2
3 4
5 6
]