GİRİŞ

Azərbaycan ladlarının qurulma qanunlarını və bu qanunlar əsasında əmələ gələn mənalı melodiyaları elmi-nəzəri cəhətdən təhlil etmək üçün Azərbaycan xalq musiqisinin əsas cəhətlərini yaxından öyrənmək lazımdır. O əsas cəhətlər bunlardır:

I. Səs sistemi.
II. Tetraxordların birləşmə üsulları.
III. Azərbaycan ladları səsqatarının qurulma qaydaları.
IV. Azərbaycan ladlarının əmələgəlmə qaydaları.

Yuxarıda göstərilən cəhətləri xüsusi öyrənməyən musiqişünas Azərbaycan xalq musiqisinin tədqiqi, sahəsində düzgun elmi nəticələr çıxarmaqda və xalq musiqi yaradıcılığının bu və ya başqa nümunəsinin əsl bədii dəyərini təyin etməkdə çətinlik çəkəcəkdir. Xalq üçün aydın bir musiqi dilində əsər yazmaq istəyən bəstəkar isə xalq ladlarına musiqi bəstələmək qanunlarını əsaslı surətdə bilmədən, çox çətin ki, dinləyicilərin yüksək bədii tələbini ödəyə bilsin. Başlanğıcı (mövzu) eyni və sonu (kadans) müxtəlif olan 11 musiqi nümunəsi göstərək.


Bu musiqi parçalarının lad əsasını təyin etmək tələb olunur.












1, 2, 3, 4, 5, 6 və 7-ci misalların birinci üç xanəsində melodiya hər dəfə eynilə təkrarlanır, iki axırıncı xanədə kadanslar müxtəlifdir. Yuxarıdakı misalların bu və ya başqa lada aid olması da bu kadanslara əsasən təyin olunur.

8,9, 10 və 11-ci misalların hər birində əvvəlinci iki xanə yenə də təkrar olunur, axırıncı üç misalın re tonu ilə qurtarmasına baxmayaraq, axırıncı üç xanə lad əlamətinə görə bir-birindən fərqlənir. 1-ci misal «Segah» ladının «Mübərriqə» adlı şöbəsində (birinci üç xanə) başlanıb «Rast» ladında (iki axırıncı xanə) bitir.

2, 3, 4, 5, 6 və 7-ci misallar yenə də 1-ci misaldakı kimi «Segah» ladının haman şöbəsində başlanıb aşağıdakı şəkillərdə bitir: 2-ci misal «Şur» ladında, 3-cü «Segah» ladının «Şikəsteyi-fars» şöbəsində, 4-cü «Şur» ladının «Zəmin-xara» şöbəsində, 5-ci «Segah» ladının «Şikəsteyi-fars» şöbəsində, 6-cı «Şur» ladının «Bayatı-kürd» şöbəsində; 7-ci misal «Segah» ladından «Çahargah» ladına keçid təşkil edən (modulyasiya) musiqi parçasından ibarətdir.

8, 9, 10 və 11-ci misallardakı melodiyalar avaz etibarilə yuxarıdakılardan tamamilə fərqlənir.

8-ci misal tamamilə «Bayatı-Şiraz» ladına aiddir; 9-cu misal «Şüştər», 10-cu misal «Çahargah» və 11-ci isə «Hümayun» üstündədir.

«Rast», «Şur», «Segah», «Şüştər», «Çahargah», «Bayatı-Şiraz»«Hümayun» Azərbaycan musiqisinin yeddi əsas ladıdır.

Bunlardan Azərbaycanda ən çox yayılanlar «Şur» və «Segah»dır. Azərbaycan xalq mahnıları, rəqs havaları və sair musiqi formalarının çoxu bu iki ladda qurulmuşdur. «Rast», «Şüştər», «Çahargah» və «Bayatı-Şiraz» da geniş yayılmış ladlardandır. Hamısından az işlənən «Hümayun»dur.

Bədii-ruhi təsir cəhətindən «Rast» dinləyicidə mərdlik və gümrahlıq hissi, «Şur» şən, lirik əhvali-ruhiyyə, «Segah» məhəbbət hissi, «Şüştər» dərin kədər, «Çahargah» həyəcan və ehtiras «Bayatı-Şiraz» qəmginlik, «Hümayun» isə «Şüştər»ə nisbətən daha dərin bir kədər hissi oyadır.

Bu əsas ladlardan başqa, xeyli yayılmış əlavə ladlar və lad şöbələri də vardır ki, bunlara misal olaraq aşağıdakıları göstərmək mümkündür: «Şahnaz», «Sarənc», «Bayatı-kürd», «Hicaz», «Qatar» və s. Bunların sayı 70-dən çoxdur.

Musiqişünasların fikrincə, musiqi mədəniyyətinin müəyyən inkişaf mərhələsində olması ilə bir-birindən fərqlənən bir çox xalqlarda, məsələn, misirlilərdə, çinlilərdə, hindlilərdə, ərəblərdə və yunanlarda ladların ümumi miqdarı (musiqiyə aid hesablama sistemindən asılı olmayaraq) 84-dür.

Yeddi əsas Azarbaycan ladının 12 pərdəli xromatik qammanın hər bir tonundan qurulması da 84 rəqəmini əmələ gətirir.

 

 


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en