TARİXİ MƏLUMAT
Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı
tarixində başlıca yeri dunyada məşhur olan iki nəfər Azərbaycan alimi,
nəzəriyyəçi, musiqişünas tutur: Səfiyəddin-Əbdülmömün
ibn Yusif-əl Urməvi (XIII əsr) və Əbdülqadir
Marağai (XIV əsr).
Azərbaycanın XIX əsr musiqişünas alimi Nəvvab
Mir Möhsün Hacı Seyid Əhməd oğlu Qarabaği (Şuşadan)
özünün «Vüzuhül-ərqam» («Musiqi istilahlarının şərhi») adlı kitabında
yuxarıda göstərilən alimlərin əsərlərinə istinad edərək, Yaxın Şərq
xalqlarının qədim musiqisindən bəhs edir.
Bir qismi Avropa dillərinə tərcümə edilmiş bu əsərlərdən
görünür ki, Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru
özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü «bina»
(dəstgah)
şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi:
Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür.
Bu «musiqi mədəniyyəti sarayının» tikilişində qədim yunan musiqi nəzəriyyəsini
yaxşı bilən və hərtərəfli bilik sahibi olan Əbu Nəsr Farabi, Avropada
Avitsenna adı ilə məşhur olan alim-mütəfəkkir Əbu Əli Sina, Əlkindi
və başqaları iştirak etmişlər.
Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun
12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi.
12 əsas muğam bunlar idi: Üşşaq,
Nəva,
Busəlik,
Rast,
Əraq,
İsfahan,
Zirəfkənd,
Büzürk,
Zəngulə,
Rəhavi,
Hüseyni
və Hicaz.
6 avazat isə Şahnaz,
Mayə,
Səlmək,
Novruz,
Gərdaniyyə,
Güvaştdan ibarət idi.
XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə
əlaqədar olaraq, bu möhtəşəm musiqi «binasının» divarları əvvəllər çatlamış
və sonralar isə büsbütün uçub dağılmışdır.
Yaxın Şərq xalqları uçub dağılmış bu «musiqi binasının»
qiymətli «parçalarından» istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı
ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni «musiqi barigahı»
tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin bu muğamların
özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan
muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər
şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də
bu qayda ilə, muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda
müxtəlif məna ifadə edirdi.
İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı
möhkəm duran yeganə muğam «Rast»dır.
Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə
uyğun gəlir. «Rast»-düz, doğru deməkdir. Qədim musiqişünaslar «Rast»ı
muğamların anası adlandırırdılar. «Rast» muğamı yalnız öz adını və səsqatarını
deyil, hətta öz mayə (tonika) ucalığını da zəmanəmizə qədər mühafizə
etmişdir. Bütün Yaxın Şərq xalqlarında «Rast» muğamının quruluşu və
mayə ucalığı eynidir. Bu mayə kiçik oktavanın «sol» səsindən
ibarətdir. Aşağıdakı müqayisədən aydın olur ki, indi bizim kicik oktavanın
«sol»u adlandırdığımız ton hələ antik dövrdə «Rast»
ladının ucalığını göstərirmiş. Ərəb İran və Avropa musiqişünaslarına
görə, qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən
icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş.
O tonlar bunlardır:
Yunanca: |
Ərəb — İranca |
1. mi — Ay
2. fa — Merkuri1
3. sol — Venera2
4. lya — Günəş
5. si — Mars3
6. do — Yupiter4
7. re — Saturn5 |
1. Nəva
2. Busəlik
3. Rast
4. Əraq
5. Üşşaq
6. Zirəfkənd
7. Rəhavi |
Azərbaycan xalq musiqisi böyük inkişaf yolu keçirmiş və bu gün dövlətin
yaratdığı son dərəcə gözəl şərait sayəsində çiçəklənmişdir.
Azərbaycan xalq mahnıları, təsnif, diringə, rəqs havaları və s. musiqi
formalarının elmi tədqiqi və təhlili göstərir ki, Azərbaycan xalqının
musiqi sənəti çox mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan
xalq musiqisinin bütün elmi-nəzəri müddəaları da bu sistemdən irəli
gəlir.
__________________
1 Merkuri — Ütarid.
2 Venera — Zöhrə
3 Mars – Mərrix
4 Yupiter – Müştəri
5 Saturn – Züləl