İLK SÖZ

Ü.Hacıbəylinin canlı səsi

Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi Azərbaycan musiqi sənətinin daha artıq yüksəlişi üçün çox əhəmiyyətli olmaqla bərabər, sovet musiqişünaslığı sahəsindəki elmi-tədqiqat və musiqi nəzəriyyəsi işlərinin də mühüm bir cəhətidir.

Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir, o, Sovet İttifaqının bir çox xalqlarının qəlbinə yol aça bilir. Bu musiqi xüsusilə Zaqafqaziya və Orta Asiya xalqlarına daha yaxındır. Ona görə Azərbaycan musiqi sənətinin əsas məsələlərinin onun qayda-qanunlarının tədqiqi və öyrənilməsinin çox aktual əhəmiyyəti vardır.

Mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam.
Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmadığına görə mən ancaq öz şəxsi müşahidələrim, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum.

İllər boyu gördüyüm iş prosesində əldə etdiyim nəticələrin düzgün olub-olmadığını yoxlamaq məqsədilə mən müəyyən vaxtlarda musiqişünaslar və Azərbaycan musiqisini yaxşı bilən şəxslər arasında elmi-mübahisəli səciyyədə məruzələr etmişəm; bu məruzə və mübahisələrdə məqsədim əldə etdiyim nəticələrin və Azərbaycan musiqisindəki əsas cəhətlərə dair bu və ya başqa məsələnin həlli üçün gətirdiyim dəlillərin əsassız olduğuna məni inandıra biləcək əleyhdarlarla qarşılaşmaq idi. Məruzələrimdə mən Azərbaycan ladları səsqatarlarının ciddi konsekvent (kvarta quruluşu, kvinta quruluşu, kiçik və böyük sekstalar quruluşu) bir qanun üzrə qurulub mütənasib sistemdən ibarət olduğunu izah etdikdə, bu, bəzi musiqiçilərə süni və uydurma bir şey kimi gəlirdi. Lakin mən irəli sürdüyüm məsələlərin doğruluğunu Azərbaycan xalq musiqisi nümunələri ilə isbat edirdim.

Azərbaycan ladlarında musiqi bəstələmək qaydaları (bu kitabın II hissəsi) haqqında verdiyim məlumatı yoxlamaq üçün, bu məlumata əsasən həmin ladlarda musiqi yazmağı bəstəkarlara təklif etdim, yazılmış musiqi əsərləri mənim şərh etdiyim qaydaların bütün təfərrüatına qədər doğru-dürüst olduğunu göstərdi.

Bu əsərdə şərh olunan bütün qayda-qanunlar illər boyu davam edən və dəfələrlə yoxlanmış dərin tədqiqat və təhlilin nəticəsidir.

Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara yaradıcılıq köməyidir.

Ümidvaram ki, bir elmi əsər olaraq bu kitabda musiqi elmi xadimlərinin diqqətini-aşağıdakı maraqlı, mühüm məsələlər cəlb edəcəkdir:
1) Səsqatarlannın qurulmasında kvarta, kvinta və seksta konsekventliyi;
2) artırılmış sekundanın əmələ gəlməsi;
3) tetraxordların yeni növləri;
4) tetraxordların dörd birləşmə üsulu.
Zənnimizcə, bu göstərilənlərin hamısı musiqi elmi üçün müəyyən bir əhəmiyyətə malikdir və qədim xalqların əməli musiqisindən izlər qalmadığı üçün bunlar həmin xalqların musiqisini öyrənmək sahəsində həll olunmamış məsələləri aydınlaşdırmağa kömək edəcəkdir. Yuxarıda göstərilən müddəalar bilavasitə əməli Azərbaycan xalq musiqisindən çıxarılmış nəticələrdir.

Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən «Koroğlu» operasını yazdım.

Azərbaycan xalq musiqi sənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar, (mən öz operamı yazarkən bunları əsas tutmuşam) nəinki mənim yaradıcılıq qayəmə məxsus həyəcan və meylləri boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi. Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, «Koroğlu» operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki «Koroğlu» operası xalqın doğma musiqi dilində yazılmışdır.

Azərbaycanlı olmayan dinləyicilərin «Koroğlu» operasına böyük diqqət yetirməsi o deməkdir ki, bu operanın milli xüsusiyyətləri nəinki onu başqa xalqlardan təcrid edir, əksinə, bunlar operanın beynəlmiləl əhəmiyyətini daha aydın göstərir.

 

Üzeyir Hacıbəyov. Bakı, 1944-cü il.

 



 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en