LAYİHƏNİN RƏHBƏRİNDƏN
Dahi Azərbaycan bəstəkarı və musiqişünası Üzeyir Hacıbəylinin
yaradıcılıq irsi xalqımızın milli sərvətidir və XX əsr Azərbaycan professional
musiqi mədəniyyətinin, bəstəkar yaradıcılığının və musiqi elminin bünövrəsini
təşkil edir. Müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması və
dünyada təbliği baxımından Ü.Hacıbəylinin yaradıcılıq irsi mühüm əhəmiyyətə
malikdir. Üzeyir bəyin ənənələrini yaşatmağı biz özümüzə mənəvi borc
bilirik.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham
Əliyevin sərəncamına əsasən beynəlxalq miqyasda qeyd olunan Üzeyir Hacıbəylinin
125 illiyi ilə əlaqədar olaraq, onun “Azərbaycan xalq musiqisinin əsasları”
dərsliyinin müasir təhsil prosesinin tələbləri səviyyəsində yeni formatda
nəşri hazırlanmışdır.
YUNESKO tərəfindən bəşəriyyətin şah əsərləri siyahısına
daxil edilmiş Azərbaycan muğamının və aşıq sənətinin, eləcə də bu zəmində
yaranmış bəstəkar yaradıcılığının inkişafında və tədqiqində, milli musiqi
irsinin nəzəri əsaslarının öyrənilməsində Üzeyir Hacıbəylinin yaradıcılığı,
xüsusilə “Azərbaycan xalq musiqisinin əsasları” qiymətli metodoloji
və ensiklopedik mənbədir.
Onu da qeyd etmək vacibdir ki, Üzeyir Hacıbəyli tərəfindən
önəmli hesab olunaraq 1920-30-cu illərdən təhsil planına daxil edilmiş
“Azərbaycan xalq musiqisinin əsasları” fənni bu günə kimi həm orta ixtisas,
həm də ali musiqi məktəblərində, o cümlədən, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının bütün fakültələrində,
onun özünün yaratdığı “Azərbaycan xalq musiqisinin əsasları” dərsliyi
əsasında tədris edilir.
Müasir dövrdə də “Azərbaycan xalq musiqisinin əsasları”
fənninin tədrisi yüksək ixtisaslı musiqiçi kadrların, milli musiqinin
qanunauyğunluqlarını dərindən mənimsəyən və inkişaf etdirən bəstəkarların,
musiqişünasların, musiqi ifaçılarının hazırlanmasında böyük əhəmiyyətə
malikdir. Buna görə, təhsil prosesindəki bugünkü tələblərdən çıxış edərək,
Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” dərsliyi yenidən
çap olunmuşdur.
Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqi elmində lad
nəzəriyyəsinin təməl daşını qoymuşdur. Onun “Azərbaycan xalq musiqisinin
əsasları” fundamental elmi əsərinin meydana gəlməsi ilə musiqişünaslıqda
yeni səhifə açılmışdır.
“Azərbaycan xalq musiqisinin əsasları” əsəri ilk dəfə
1945-ci ildə rus dilində çap olunmuşdur. İlk nəşrin redaktoru Üzeyir
Hacıbəylinin ən çox dəyər verdiyi, sevimli tələbələrindən biri, görkəmli
pianoçu və pedaqoq Kövkəb xanım Səfərəliyeva idi.
1950-ci ildə, Üzeyir bəyin vəfatından sonra “Azərbaycan
xalq musiqisinin əsasları” əsərinin azərbaycan dilinə çevrilməsi və
nəşrinin hazırlanması Ü.Hacıbəylinin digər bir tələbəsi, nəzəriyyə sahəsində
bilavasitə onun yolunu davam etdirən Məmmədsaleh İsmayılova və bəstəkar
Soltan Hacıbəyova həvalə olunur.
1952, 1957 və 1965-ci illərdə də “Azərbaycan xalq musiqisinin
əsasları” təkrarən çap olunmuşdur.
1985-ci ildə isə Üzeyir Hacıbəylinin 100 illik yubileyinin
beynəlxalq miqyasda qeyd olunması ilə əlaqədar “Azərbaycan xalq musiqisinin
əsasları” azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüşdür.
Sayca dördüncü olan bu nəşrin redaktoru musiqişünas-alim, Üzeyir bəyin
tələbəsi Əminə Eldarova idi.
“Musiqi Dünyası” jurnalının elektron nəşrlər mərkəzi tərəfindən
“Azərbaycan xalq musiqisinin əsasları” veb-saytı (azərbaycan, rus və
ingilis dillərində) yaradılmışdır.
Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları”
dərsliyinin yeni nəşrinin hazırlanması layihəsi üzərində işə başlarkən,
biz bütün bu nəşrləri cəmləşdirmiş, müqayisə edərək işləmişik və bunun
da nəticəsində kitabın latın qrafikasında yenidən redaktə olunmuş çap
nəşri meydana gəlmişdir.
Onu da qeyd etmək vacibdir ki, Üzeyir bəy öz əsərini sovet
dövründə yazmışdır və buna görə də burada sovet dövlətinə və partiyaya
minnətdarlıqla bağlı fikirlər öz əksini tapmışdır. Üzeyir bəyin ən böyük
arzularından biri olan Azərbaycanın müstəqillik dövründə onun kitabının
nəşri zamanı həmin fikirlərin redaktə edilməsini məqsədəuyğun saydıq.
Eyni zamanda, Üzeyir bəyin dərsliyinin aktuallığını və
əhəmiyyətini nəzərə alaraq, bu nəşrə didaktik materiallar və metodik
göstərişlər əlavə olunmuşdur ki, bu da özündə testləri, Azərbaycan ladlarına
əsaslanan şifahi ənənəli musiqi irsindən və bəstəkar yaradıcılığından
nümunələr siyahısını, noto-biblioqrafik, səs nəşrlərini və saytoqrafik
materialları cəmləşdirir.
Həmçinin, kitabın elektron multimedia janrında DVD formatı
nəşrə əlavə olunmuşdur ki, bu da geniş həcmdə audiovizual materialları
əhatə edərək, zəngin ensiklopedik məlumat mənbəyi ilə təchiz olunmuşdur.
Bütün bunlar “Azərbaycan xalq musiqisinin əsasları” fənninin
müasir tələblər səviyyəsində tədrisinə xidmət edir. Bu baxımdan inamla
deyə bilərik ki, Üzeyir bəyin əsasını qoyduğu fənn və yazdığı dərslik
bu gün Azərbaycanda ilk dəfə olaraq, bu cür yeni formatda təqdim olunur.
Bu, həqiqətən də XXI əsrin dərsliyidir və bu dərslik Azərbaycan musiqisinin
gələcəkdə də inkişaf istiqamətlərini müəyyənləşdirən bir yolun başlanğıcıdır.
“Azərbaycan xalq musiqisinin əsasları” kitabının yeni
nəşrinin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Təhsil Naziri,
professor Misir Mərdanovun böyük rolunu qeyd edərək, ona öz ehtiramımızı
bildiririk.
Eyni zamanda, nəşrin hazırlanmasında əməyi olan bütün
şəxslərə, həmkarlarımıza, musiqi xadimlərinə, musiqişünas-alimlərə minnətdarlıq
edirik.
Xüsusi olaraq, “Azərbaycan xalq musiqisinin əsasları”
kitabının müasir formatda çap və elektron nəşrinin yaradılmasında böyük
əmək sərf edən «Musiqi Dünyası» jurnalının əməkdaşlarına minnətdarlıq
etmək istərdik.
Üzeyir bəyin yaradıcılığı, ictimai və pedaqoji fəaliyyəti
bizim üçün böyük bir örnəkdir və əminik ki, bütün nəsillər ondan qaynaqlanaraq,
Azərbaycan musiqisini yüksəldəcək və dünyaya tanıdacaqlar.
Fərhad Bədəlbəyli