İKİNCİ HİSSƏ

XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI


I. XALİS KVARTALAR QURULUŞU

 

6. «Segah» ladında melodiyalar bəstələnməsi

«Segah» ladında melodiyalar bəstələnərkən müvafiq fəsillərdə «Şur» ladına aid göstərilən qaydalar əsas götürülməlidir.

Aşağıda «Segah» ladının birinci şöbəsi olan «Mayeyi-Segah»a misal göstərilir. «Mayeyi-Segah» tələb edir ki, birinci ifadə ikinci xanənin əvvəlində mayə ilə, cavabverici ifadə isə dördüncü xanənin əvvəlində yarımkadansla qurtarsın. Cavabverici cümlə səkkizinci xanənin əvvəlində mayə ilə qurtarıb özünün eynilə və yaxud variasiya şəklində təkrarlanmasını tələb edir.

Cavabverici cümlənin qurulma qaydası «Rast» ladında olduğu kimidir.

«Mayeyi-Segah» şöbəsinə misal:

«Mayeyi-Segah»dan sonra «Şikəsteyi-fars» şöbəsi gəlir. «Şikəsteyi-fars» tələb edir ki, onun birinci ifadəsi ikinci xanənin əvvəlində və ikinci ifadəsi dördüncü xanənin əvvəlində əsas tonun kvintasında qurtarsın. «Şikəsteyi-fars»ın birinci cümləsi variasiya şəklində təkrarlanma tələb edir ki, bundan sonra da ona «Mayeyi-Segah»ın cavabverici cümləsi birləşdirilir.

«Şikəsteyi-fars» şöbəsinə misal:

Bəstələnmiş havanın birinci dəfə genişlənməsi.


Sonra «Mübərriqə» şöbəsi gəlir. «Mübərriqə» tələb edir ki, onun birinci ifadəsi əsas ton kvintasının üst aparıcı tonu ilə başlansın. İkinci xanənin başlanğıcındakı birinci ifadənin sonu çox vaxt sabit olmayan tona (əsas ton kvintasının üst aparıcısı) düşür. İkinci ifadə dördüncü xanədə əsas tonun kvintasında dayanmaqla tamamlanır ki, bundan sonra həmin cümlə variasiya şəklində təkrar olunur.

Bu cümləyə (variant ilə) «Mayeyi-Segah»ın cavabverici cümləsini birləşdirmək lazımdır.

Bəstələnmiş havanın birinci dəfə genişlənməsi:

Bundan sonra «Əraq» şöbəsi gəlir. «Rast» ladında olduğu kimi, «Segah»da da bu şöbə əsas tonu bir oktava yuxarı qaldırır ki, bununla da «Segah» ladının səsqatarı genişlənmiş olur.

«Əraq» tələb edir ki, ikinci xanənin əvvəlində birinci ifadə əsas tonun oktavası ilə qurtarsın. Cavabverici ifadə də bu ton ilə qurtarır. Bundan sonra cavabverici cümləni bəstələmək lazımdır ki, bu da səkkizinci xanənin əvvəlində, yenə əsas tonun oktavasında qurtaracaqdır.

«Segah»ın mayəsinə qayıtmaq üçün yenə də «Qərai»-yə («Rast» ladında olduğu kimi) müraciət edilməli və birinci dayanma əsas tonun kvintasında, tamamlayıcı dayanma isə «Segah» ladının mayəsində olmalıdır.

Əsərin sonunda «Mayeyi-Segah»ı təkrar etmək yaxşı olar. «Segah» ladında bəstələnmiş havaya misal:


[ Segah: səhifələr 1 2 ]

| Rast | Şur | Segah |

 

 


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en